ELM VƏ TƏHSİL
Ulu Öndər respublikamızda elmi potensialın inkişaf etdirilməsinə hər zaman xüsusi diqqətlə yanaşıb
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatından bəhs edib. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyət illəri Azərbaycan Respublikası, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə bir sıra əhəmiyyətli səhifələrin əlavə olunması ilə yadda qalıb. Hələ 1969-cu ildən sonrakı dövrdə keçmiş ittifaqın yüksək rəhbərlərindən biri kimi fəaliyyət göstərən Heydər Əliyev respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsinə və yeni yüksəkixtisaslı elmi kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşıb. Ulu Öndər 1970-1980-ci illərdə elmin ayrı-ayrı sahələri üzrə respublikamızda bazanın yaradılması üçün dünyanın qabaqcıl elm müəssisələrinə gənc mütəxəssislər göndərib. Məhz bu dahi şəxsiyyətin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın, biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi elmin müasir sahələri inkişaf edib. Bu gün alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir.
Səyyarə İbadullayeva vurğulayıb ki, təbiətin, yaşıllığın qədrini bilən Ulu Öndər həmişə onun mühafizəsi qeydinə qalıb. Azərbaycanın “Qırmızı Kitabı”nın II cildi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin müvafiq Sərəncamı əsasında işıq üzü görüb. Hazırda “Qırmızı Kitabı”n III cildi Ümummilli Liderimizin 100 illiyi şərəfinə hazırlanır.
Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.