HEYDƏR ƏLİYEV - 100


Ulu Öndər xalqımızın əsrlər boyu formalaşmış istiqlal arzularını gerçəkləşdirib

Bakı, 14 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində “Heydər Əliyev İli"nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə hərbi hissələrin rəhbərliyi və şəxsi heyəti, yerli icra hakimiyyətlərinin, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin yerli idarələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının məsul vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hərbi hissələrdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu vurğulayıblar. Ulu Öndərin ötən əsrin sonlarında bərpa edilmiş müstəqilliyimizin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunmasındakı müstəsna xidmətlərindən danışan natiqlər qeyd ediblər ki, dahi şəxsiyyət xalqımızın əsrlər boyu formalaşmış istiqlal arzularını və milli dövlətçilik ideallarını gerçəkləşdirib, respublikamız qısa zaman kəsiyində total böhran və ciddi tənəzzüldən qurtularaq demokratik-hüquqi islahatlar və stabil inkişaf yoluna qədəm qoyub.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin bu gün çox böyük uğurlara imza atdığını, Azərbaycanın özünün siyasi və iqtisadi qüdrəti ilə dünya dövlətləri arasında layiqli yer tutduğunu bildiriblər.

Tədbirlərin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.