CƏMİYYƏT
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş atıcılıq turniri keçirilib VİDEO
Bakı, 6 may, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sabunçu rayonunda yerləşən Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfər media mənsubundan ibarət 19 komanda qatılıb.
İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin ifası və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı, düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti status qazandırdığı vurğulanıb. Bildirilib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı.
Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhvali-ruhiyyə və uğurlar arzulayıb.
Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib. Turnirdə iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda qalib və mükafatçılar müəyyənləşib. Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.