HEYDƏR ƏLİYEV - 100


Ulu Öndərin 100 illiyi ilə əlaqədar Braziliya şəhərlərində tədbirlər təşkil ediləcək

Bakı, 13 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin və ölkəmizin Braziliyadakı səfirliyin dəstəyi ilə Azərbaycan mədəniyyətinin, onun musiqisinin təbliği çərçivəsində Rio-de-Janeyro şəhərində Latın Amerikasının ən qədimi və tanınmış teatrı olan Teatro Munisipalda maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edildiyini deyib. O, bu konsertin Azərbaycanın müasir musiqisinə əvəzolunmaz dəstəyini vermiş, onun beynəlxalq ictimaiyyətə yayılması, mədəni irsimizin müasirliyə uyğunlaşdırılması üçün beynəlxalq klassik musiqisinin də ölkəmiz tərəfindən mənimsənilməsinə yardım etmiş, musiqi ənənələrimizin gələcək nəsillərə ötürülməsi üçün daim dəstək vermiş Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edildiyini bəyan edib. Səfir R.Novruz dinləniləcək bu konsertdə məşhur bəstəkarımız Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının ifa olunacağını qeyd edib, bəstəkarımız haqqında qısa məlumat verib.

Səfir öz çıxışında diqqətə çatdırıb ki, bu konsert cari ildə səfirlik tərəfindən Braziliyada təşkil ediləcək silsilə mədəniyyət tədbirlərinin başlanğıcıdır. Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, eləcə də Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunacaq bir neçə fərqli repertuar və təqdimatlarda Braziliyanın digər şəhərlərində də tədbirlər keçiriləcək.

Təntənəli konsert axşamı Q.Qarayevin məhz bu simfonik poeması ilə başlanıb. Həmçinin rus bəstəkarı S.Raxmaninovun 2 saylı simfoniyası və Norveç bəstəkarı E.Qriqın fortepiano konserti olub.

Konsertə yerli tamaşaçılarla yanaşı, Rio-de-Janeyro ştatının qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.