MƏDƏNİYYƏT
Ulu Öndərin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Belqradda konsert keçirilib
Belqrad, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Serbiya Milli Teatrında konsert proqramı təşkil edilib.
Konsertdən əvvəl iştirakçılar Belqraddakı Taşmaydan Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, respublikamızda sabitliyin bərqərar olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs edib.
Səfir bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirərək, bunu Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb.
Tədbirdə digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, xalqımızın firavanlığı üçün gördüyü işlərdən danışıblar.
Konsert proqramında Azərbaycanın və dünyanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad