Ulu Öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir
AzerTAg.az
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançılarımızın cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib.
Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov AZƏRTAC-a müsahibəsində deyib.
O, bildirib ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib. Ulu Öndər fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb.
Azərbaycan bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ulu öndər Heydər Əliyev gözəl, xeyirxah, nəcib, vətənpərvər bir insan, öz xalqını sevən, onu bütün dəyərlərdən üstün tutan dahi rəhbər kimi hər zaman qəlblərdə yaşayacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var