REGİONLAR
Ulu Öndərin Sumqayıta hər səfəri şəhərin inkişafına yeni təkan verib VİDEO
Sumqayıt, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyəti rəhbərliyinin, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbirdə 1993-cü il iyunun 15-nin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığı qeyd edilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Vurğulanıb ki, Ulu Öndər Sumqayıta və sumqayıtlılara həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb. Dahi rəhbər bu şəhərə 16 dəfə səfər edib və hər səfəri Sumqayıtın inkişafına yeni təkan verib.
Qeyd olunub ki, dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır.
Sonda respublikanın tanınmış incəsənət ustalarının ifasında Vətənimizə, Ümummilli Liderə həsr olunmuş mahnılar ifa edilib.