ELM VƏ TƏHSİL
Ulu Öndərin adı hər zaman dünyanın nüfuzlu siyasətçiləri ilə eyni sırada çəkilib
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev fenomen şəxsiyyət idi. Ulu Öndərin adı hər zaman, həm keçmiş sovet dövründə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanda dünyanın nüfuzlu siyasətçiləri ilə eyni sırada çəkilib. Dünya liderləri onun yüksək zəka sahibi olduğunu, xüsusilə çətin siyasi proseslərdə uğurlu manevr imkanlarına sahib olduğunu etiraf ediblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk söyləyib.
“Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün amalı müstəqil Azərbaycan, dövlətimizin güclənməsi və müstəqilliyimizin qorunması idi. Ulu Öndər ötən əsrin 70-ci illərində həyata keçirdiyi geniş quruculuq siyasəti nəticəsində sovetlər zamanında Azərbaycanı müttəfiq respublikalar arasında qabaqcıllar sırasına çıxardı. Ölkəmizdə iri zavod, fabrik, digər sənaye müəssisələri, yaşayış yerləri tikilib istifadəyə verildi. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də ölkənin inkişaf təməlinin əsası qoyuldu. Müxtəlif nüfuzlu xarici şirkətlər ölkəyə dəvət olundu. İqtisadi-sosial sahələrdə böyük işlər həyata keçirildi. Ölkəmizdə siyasi hərc-mərcliyə son qoyuldu. Beynəlxalq arenada da Azərbaycanın mövqeyi gücləndi. Dövlətimiz bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Həmçinin ölkədə müxtəlif sahələrdə bacarıqlı, intellektual və vətənpərvər gənclər irəli çəkilməyə başladı. Eyni zamanda, elmin müxtəlif sahələrində irəliləyişlər müşahidə olundu. Bu gün də Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Elnur Eltürk bildirib.