SİYASƏT


Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Volqoqradda tədbir keçirilib

Bakı, 11 may, AZƏRTAC 

Volqoqradda Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınmış Volqoqrad-Bakı Dostluq Parkında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumat verərək bildirib ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. O, 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluğu haqqında memorandum imzalandığı barədə məlumat verib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhdova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının Volqoqradda qeyd edilməsinin ənənə halı aldığını bildirərək, Azərbaycan-Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətlərini xüsusi vurğulayıb.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyəti və Rusiya-Azərbaycan dostluğu haqqında söhbət açaraq qeyd edib ki, Ulu Öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir. Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin mühüm xidmətləri var.

Tədbirdə çıxış edən qonaqlar ümummilli lider Heydər Əliyevin xalqı və dövləti naminə gördüyü işlərdən danışıblar. Bildirilib ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında əbədi dostluq olub. Şəhər rəsmiləri Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd ediblər.

Volqoqrad Vilayət qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 96-cı ildönümü və Qələbənin əldə edilməsinin 73-cü ildönümü münasibətilə təbriklərini çatdırıb və azərbaycanlıların Qələbənin əldə olunmasındakı xüsusi xidmətlərindən danışıb.

Tədbirdə iştirak edən fəxri qonaq general Vladislav Safonov Heydər Əliyevi şəxsən tanıdığını və onunla dostluq etdiyini fəxrlə xatırlayıb. Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırıb. O, Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarixi gün münasibətilə təbrik edib.

General Vladislav Safonov dahi Heydər Əliyev haqqında xatirələrini, onunla görüşlərini və söhbətlərini xatırlayıb, ilk dəfə Baykal Amur Magistralı (BAM) inşa edilərkən SSRİ-nin rəhbərliyində olan şəxs kimi Ulu Öndərlə görüşdüyünü, BAM-da Heydər Əliyevlə görüşən hər kəsin ona valeh olduğunu bildirib. Sonradan 90-cı illərdə Azərbaycana gələrkən Ulu Öndərlə görüşündə Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirdiyini qeyd edib. General Vladislav Safonov bu gün Ulu Öndərin arzuladığı müasir Azərbaycanın inkişafında Heydər Əliyevin danılmaz xidmətlərinin olduğunu vurğulayıb. Bildirib ki, dövlətçiliyi qoruyan Heydər Əliyev iqtisadiyyatın inkişafına nail oldu, Azərbaycanın dünya ölkələri arasında xüsusi yerinin olması üçün titanik əmək sərf etdi.

Çıxış edən digər qonaqlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi xüsusi diqqəti qeyd ediblər. Bildirilib ki, Heydər Əliyev harada olubsa olsun, orada qələbə, yüksəliş olub.

Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi önünə gül dəstələri düzüb, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.