SİYASƏT
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü İordaniyada da qeyd edilib
Qahirə, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İordaniyanın paytaxtı Əmmanda yerləşən Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçənin üzərindəki iki ölkənin dostluq rəmzi olan dairədə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Əmman şəhər Böyük Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və üzvlərinin, Azərbaycan diaspor fəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə səfir Eldar Səlimov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, məhz Ümummilli Lider müstəqillik illərində dövlətimizin ərəb-İslam dünyası, həmçinin İordaniya ilə ikitərəfli əlaqələrinin möhkəm təməlini qoyub.
Səfir qonaqların diqqətini Ulu Öndərin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində xalqımıza misilsiz xidmətlərinə yönəldərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında böyük nüfuz və etibar sahibi olan bugünkü Azərbaycan məhz Heydər Əliyevin mirasıdır. Çıxışda, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildə yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə fəaliyyətinə nəzər salınıb.
Əmman şəhər Böyük Bələdiyyəsinin rəsmisi Əzzam əl-Abbadi çıxışında bildirib ki, dost ölkələrimiz arasında əlaqələr ildən-ilə daha da möhkəmlənir. O əlavə edib ki, qardaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə hər bir iordaniyalı üçün əzizdir.
Tədbirin sonunda İordaniya-Azərbaycan dostluğunun rəmzi olan dairədə və ətrafında yerləşən yaşıllıq ərazisində güləkmə mərasimi keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə