REGİONLAR
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Naxçıvanda tibbi aksiyalar davam etdirilir
Naxçıvan, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə muxtar respublikada tibbi aksiyalar davam etdirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə növbəti aksiyalar Şahbuz və Culfa rayonlarında təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrah, anestezioloq, terapevt, endokrinoloq, fizioterapevt, oftalmoloq, üz-çənə cərrahı, uroloq, USM və laborantdan ibarət tibbi heyəti bu məqsədlə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında olub. Tibbi aksiya çərçivəsində xəstələrin müayinə və müalicəsi, eyni zamanda kiçik cərrahi əməliyyatları aparılıb. Ümumilikdə, 115 xəstədə 200-dən çox müayinə aparılıb, 89 xəstəyə müalicə üçün təyinat verilib. Ümumi müayinələrdən sonra 26 nəfər əməliyyat edilib.
Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan humanitar aksiyada isə 21 azyaşlı uşaq əməliyyat olunub, 32 nəfər rayon sakini terapevt müayinədən keçirilib, 5 nəfərdə çənə müayinəsi aparılıb. Ümumilikdə, aksiya çərçivəsində aparılan cərrahi əməliyyatlar uğurla başa çatdırılıb. Pasiyentlər hematoloji, uroloji, nevroloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Bütün müayinə, müalicə və cərrahi əməliyyatlar pulsuz həyata keçirilib.