ELM VƏ TƏHSİL


Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir: Məktəbdən kosmosa

Bakı, 10 may, AZƏRTAC

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Məktəbdən kosmosa” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Rəsədxanadan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Nərgiz İsmayılova Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. O vurğulayıb ki, həyatını ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla, xalqın yaddaşında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi özünəməxsus yer tutub.

Rəsədxananın Elmi Kitabxanasının müdiri Lalə Səlimzadə görkəmli dövlət xadiminin elm və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olub. Təkcə paytaxt Bakıda deyil, respublikanın ucqar bölgələrində də yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikilib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradıb.

Sonra çıxış edən Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova bildirib ki, dahi rəhbər Heydər Əliyev cəmiyyətin inkişafını təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Bu gün həmin ideoloji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir elmi sessiya ilə davam edib. Sessiyada rəsədxananın gənc alimləri - Aynurə Həsənova, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm və Aysel Rüstəmova “Astronomiyanın aktuallığı və prioritet tədqiqat istiqamətləri”, “Azərbaycanda astronomiyanın tarixi” və “Göy cisimlərinin yaranması və inkişafı” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonda “Zirvə” astrosərgisində şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş etdirilib. Ən uğurlu nümunələrin müəllifləri diplomla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.