REGİONLAR
Ulu Öndərin anım günü ilə əlaqədar şimal bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb VİDEO
Quba, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar keçirilən anım mərasimində böyük izdiham yaşanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər.
Abidə önünə gül-çiçək düzən qubalılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıb, dualar ediblər.
X X X
Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Xaçmaz şəhərində də izdihamlı anım mərasimi keçirilib.
Səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrələri də açılıb.
X X X
Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimi təşkil olunub.
Rayon sakinləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar. Hərbi orkestr Azərbaycan Respublikasının dövlət himnini səsləndirib.
Çıxışlarda Ulu Öndərin zəngin irsi və şərəfli ömür yolundan danışılıb, Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb.
X X X
Şabran, Siyəzən, Xızı rayonlarında keçirilən anım mərasimlərində də izdiham yaşanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə təşkil olunan mərasimlərdə bu rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.