REGİONLAR
Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib VİDEO
Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım günü Sumqayıtda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşğun inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak edib.
Sumqayıt bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, regionun sənaye mərkəzinə çevrilir.
Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
X X X
Dekabrın 12-də Abşeron rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi rəhbərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Mərasim iştirakçıları Abşeron rayonu Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.
Sonra Xırdalanda Ulu Öndərin anım günü münasibətilə ehsan süfrəsi açılıb.
X X X
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə birgə elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları rayon icra hakimiyyəti binasının foyesində Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra tədbir Qubadlı Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib.
Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan söz açıb.
Tədbirdə Xıdırlı kənd tam orta məktəbin direktoru Savalan İmanov “Azərbaycanı yaşadan və Azərbaycanla yaşayan bir ömür”, Yuxarı Mollu kənd tam orta məktəbin direktor müavini Fəqani Məhərrəmov “Xilaskarlıq missiyası ömrünə yazılmış siyasətçi” mövzusunda məruzə ilə çıxış ediblər.