SİYASƏT


Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək

Bakı, 7 may, AZƏRTAC

Dünyada baş verən proseslər də onu göstərir ki, dahi şəxsiyyətlər tarix yaratmır, tarixin istiqamətini mənsub olduğu xalqın mənafeyinə yönəldirlər. XX əsrin siyasət fenomeni Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdən biri idi. Ümummilli Lider sovet dönəmində də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da azərbaycançılıq ideologiyası uğrunda mübarizə aparıb.

Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi böyük tarixi şəxsiyyətin özünün də, dövlətçiliyə söykənən ideologiyasının da amalının manifesti olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Qeyd olunub ki, sovetlər dönəmində müttəfiq respublikada ittifaq miqyaslı sənaye müəssisəsi yaratmaq imperiyanın siyasətinə uyğun gəlmirdi. Belə müəssisəni yaratmaq üçün müttəfiq respublikanın rəhbərinin kifayət qədər böyük nüfuzu və dəmir iradəsi olmalı idi. Bakıda Elektron Hesablama Maşınları zavodu, Radio zavodu, Ozon zavodu, Məişət Kondisionerləri zavodu yaradıldı. Bunlar müttəfiq respublika üçün o dövrdə böyük və gərəkli iqtisadi tərəqqi idi. Bu zavodlar gənclərin şəhərə axınında, deməli, təhsil almasında, işləyə-işləyə ali, orta ixtisas məktəblərində oxumasında, formalaşmasında, daha geniş dünya görüşünə malik olmasında kifayət qədər böyük rol oynadı. Zavodların açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, maarifçiliyin inkişafına da töhfə verdi.

Deputatın sözlərinə görə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının formalaşdırılmasında mühüm mərhələ adlandırmaq olar. Ulu Öndər azərbaycanlı gənclərin ittifaqın nüfuzlu universitetlərində təhsil almalarını təmin etdi. Bu, Azərbaycan üçün yüksək elmi potensiala malik kadrların hazırlanmasına göstərilən yüksək qayğı, dünya elminə, mədəniyyətinə, incəsənətinə inteqrasiya kimi dəyərləndirilməlidir. Sonralar həmin məzunların Azərbaycanın elminin, mədəniyyətinin, incəsənətinin inkişafında böyük xidmətləri oldu. Həmin illərdə sovet ideologiyasının gizlin şaxələrinin haraya apardığını duymaq, təxmin etmək çətin olsa da, mümkünsüz deyildi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi!) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi. “Naximov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur” məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində – müstəqilliyi bərpa olunduqdan sonra istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə necə böyük əhəmiyyətə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında müstəsna əhəmiyyətə malik olub, indi də belədir.

S.Xasayeva bildirib ki, həmin illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin istər ittifaq, istərsə də dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə inteqrasiyası yüksək səviyyədə təmin edilirdi. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının yaşarlığının təntənəsi idi və bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan adlı bir məmləkətin bəşəri dövlət olduğunun təsdiqi idi. Bu təsdiq Heydər Əliyev xalqın ciddi tələbi ilə Azərbaycana hakimiyyətə qayıdışından sonra daha şaxəli, daha miqyaslı xarakter aldı. Azərbaycan dünya birliyinə daxil oldu, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq müqavilə, o cümlədən “Əsrin müqaviləsi” imzalandı. Respublikamızda bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, bununla da Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla ölkənin beynəlxalq nüfuzunu da yüksəltdi.

Dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsi olan böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev müxtəlif dövlət strukturlarında işləyən vəzifəli şəxslərə rəsmi çıxışlarında da, müsahibələrində də bu məfkurənin tərkib hissələri kimi milli mədəniyyəti, incəsənəti, rəngkarlığı, ədəbiyyatı xalqın, dövlətçiliyə ehtiram səviyyəsində inkişaf etdirilməsini tövsiyə edirdi. Böyük tarixi şəxsiyyətin ömür yolu ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinə qayğısı bütün məmurlara, ictimaiyyətə, bu sıradan gənclərə ən gözəl örnək idi.

Deputat vurğulayıb ki, Ulu Öndər gənclərə böyük diqqət və qayğı göstərirdi. “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”, - deyən Heydər Əliyev müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakının tərəfdarı idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Ümummilli Lider gənclər siyasətini diqqətdə saxladı. Ulu Öndərin ideoloji əsgəri olan gənclər Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini onun arzuladığı səviyyədə sevir və sevəcək.

Qeyd olunub ki, müstəqil Azərbaycanda ordu quruculuğu hərbi nəzəriyyələr əsasında qurulmamışdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonlarının buraxılması, orduda vahid komandanlığın təmin edilməsi ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu. Heydər Əliyev irsinə sədaqət kimi ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biri kimi həmişə diqqətdə saxlanılır, ordunun maddi-texniki bazası genişləndirilir, silah-sursat arsenalı artırılırdı ki, bunlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edirdi. Qısa vaxt ərzində Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. 1994-cü ilin yanvarında Ulu Öndərin sərkərdəliyi ilə uğurlu Horadiz əməliyyatı keçirildi. Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu əməliyyatla qazanılan qələbə ordumuzun döyüş əzmini artırdı, qələbə ruhunu yüksəltdi. Bunlar Azərbaycanda ordu quruculuğunda nizami ordunun formalaşması mərhələsi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirməklə Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çatdırdı. Prezident İlham Əliyevin dediyi kimi, indi Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Heydər Əliyev ideyalarının, onun azərbaycançılıq ideologiyasının qələbəsidir. Ulu Öndərin azərbaycançılıq ideologiyası bundan sonra daha da güclənəcək və möhkəmlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.