ELM VƏ TƏHSİL


Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin ilk addımlardan biri mərkəzləşdirilmiş test imtahanlarının tətbiqi oldu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir təşkilat kimi formalaşması 1994-cü ildən başlayıb və 1999-cu ildə tam şəkildə başa çatıb. Bu mürəkkəb prosesi uğurla keçmək kompleks tədbirlər görülməsini tələb edirdi. Bununla yanaşı, ovaxtkı şəraitdə hələ çox kövrək olan yeni sistemin inkişafına və möhkəmləndirilməsinə siyasi dəstəyin verilməsi olduqca önəmli və zəruri idi. Bunsuz o, davam gətirə bilməzdi. Ona belə bir dəstəyi məhz yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev verdi. Ölkə rəhbəri test sisteminin mütərəqqi bir yenilik olduğuna inamını ifadə edərək qəbul imtahanlarının TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcəyini qəti şəkildə bəyan etdi, Komissiyanın fəaliyyətini təkmilləşdirməyin, onu elmi əsaslar üzərində qurmağın, bu sahədə qabaqcıl dünya təcrübəsindən bəhrələnməyin, yeni texnologiyalar tətbiq etməyin vacibliyini bildirdi.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib.

Diqqətə çatdırıb ki, test üsulu ilə qiymətləndirmənin ilkin mərhələsində dəyişikliklər yalnız prosedur xarakteri daşıyır, imtahanların məzmunu və seçim meyarları isə əvvəlki kimi qalırdı. Qəbul imtahanlarında qərar vermək imkanını itirmiş bəzi ali məktəb müəllimləri çox məyus idilər. Onlar test üsulu ilə qəbul olunmuş tələbələrə qərəzli münasibətlərini gizlətmir, ali məktəblərə yeni tələbələr gələn kimi onların qarşısında, demək olar ki, öz doktorluq dissertasiyaları həcmində həddindən artıq çətin, eyni zamanda, dar sahə üzrə tələblər qoyurdular. Təbii ki, sovet orta məktəbini bitirmiş gənclər belə tələblərin qarşısında aciz qalırdılar. Bununla yanaşı, 1988-ci ildən başlayaraq ölkəmizin elan edilməmiş müharibə vəziyyətində olması, minlərlə qaçqın və məcburi köçkün ailələrinin övladlarının bəzən orta məktəbə getmək imkanından məhrum olmaları nəzərə alınarsa, aydın olur ki, elmi əsaslara söykənən şəffaf və ədalətli seçimin təmini problemi faktiki olaraq təhsil sistemindən ölkənin sosial, bəzən isə siyasi həyatına keçirmiş olurdu. O çətin günlərdə yeni qəbul sisteminin qorunub saxlanılmasında həlledici rolu ulu öndər Heydər Əliyevin siyasi dəstəyi oynadı.

“Ulu Öndər hər zaman bizim işimizlə maraqlanır, yenilikləri dəstəkləyir və görülmüş işlərə ədalətli qiymət verirdi. Mən onun ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş tələbələrlə keçirilən görüşdə çıxışını xatırlayıram. Heydər Əliyev deyirdi ki, “ali məktəblərə qəbulun tarixi böyükdür. Ancaq müstəqillik əldə etdikdən sonra daha ədalətli, daha müasir olan test üsulu tətbiq olunub və təcrübə onu göstərir ki, bu, həqiqətən çox mütərəqqi üsuldur”.

Azərbaycan gəncliyinin çağdaş dövrdə öz təhsilini davam etdirmək istəyən bütün dəstələri onlar üçün yaradılan ədalətli, obyektiv və şəffaf qəbul sisteminə görə, ilk növbədə, Prezident Heydər Əliyevə minnətdar olmalıdırlar. Məhz mərkəzləşdirilmiş qəbul sistemi gənclərimizə köhnə qəbul işinə xas olan mənfi hallara rast gəlmədən öz təhsil almaq arzularını gerçəkləşdirmək imkanı verib.

Qiymətləndirmənin, ümumiyyətlə, bir elm olduğunu diqqətə çatdıran DİM-in Direktorlar Şurasının sədri bildirib ki, burada təkcə prosedur məsələləri deyil, seçimin aparıldığı meyarlar, bu prosesin elmi nöqteyi-nəzərdən qurulması, imtahanın məzmununun, məqsədlərinin müəyyənləşdirilməsi mühüm amillərdir. Sovet təhsil sistemində testologiya ilə məşğul olan insanlar, demək olar ki, yox dərəcəsində idi. Ötən əsrin 80-ci illərində yeganə bir psixometrik test var idi ki, bu ŞTUM (şkolnıy test umstvennoqo razvitiya) - əqli inkişafı müəyyənləşdirən məktəb testi adlanır və 14-15 yaşında şagirdlərin tam orta təhsil alması üçün yararlı olub-olmamasını müəyyənləşdirirdi. Halbuki II Dünya müharibəsindən sonra kütləvi imtahanlarda test üsulu birinci dəfə ABŞ-da istifadə olunmağa başlananda artıq bu, elm kimi formalaşmışdı.

“Heydər Əliyev siyasətçi idi, amma eyni zamanda, yeni qəbul prosesinin nə qədər mürəkkəb, elmi-texnoloji proses olduğunu çox yaxşı dərk edir və bizi müdafiə edirdi. Onun dəstəyi nəticəsində bizim milli qiymətləndirmə sistemimiz formalaşdı və TQDK 2000-ci ildə Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının üzvü oldu.

Hazırda isə Dövlət İmtahan Mərkəzi Azərbaycanda bütün növ imtahanların təşkilini həyata keçirir. Prezident İlham Əliyevin Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı imzaladığı sərəncam və fərmanlar qurumun uğurla fəaliyyət göstərməsinə geniş imkanlar yaradır”,- deyə Məleykə Abbaszadə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.