REGİONLAR
Ulu Öndərin doğum günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Tarix yaradan müdrik şəxsiyyət” mövzusunda tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə dahi rəhbərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın məruzəsində bildirilib ki, Azərbaycan xalqı bütünlüklə özünü xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Tədbirdə rayon prokuroru Rəşad Bəşirov, Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova və YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək, dahi rəhbərin həyat və fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi daim yad edir.