REGİONLAR
Ulu Öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir
Masallı, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Ulu Öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir.
Rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir.
Masallı şəhərindəki Digah 4 nömrəli tam orta məktəbin müəllimi Rəqsanə Məmmədova, gənclərin nümayəndəsi Zəhra Cəfərova və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.