SİYASƏT
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
İzmir, 13 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonundakı Ulu Öndərin adını daşıyan Parkda anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun rəhbər şəxsləri, “STAR Refinery” zavodunun əməkdaşları, ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Ulu Öndərin Parkdakı büstü önünə tər çiçəklər düzülüb. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və Karşıyaka bələdiyyəsi sədrinin müavini Ali Haydarın çıxışları dinlənilib. Çıxışlarda Ümummilli Liderin zəngin və mənalı həyat yolundan bəhs olunub, onun türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərdən bəhs olunub. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi Türkiyədə hər zaman ehtiramla anılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir