REGİONLAR


Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanın bütün regionları sürətlə inkişaf edib

Zaqatala, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqını, Vətənini düşünüb, ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Onun formalaşdırdığı azərbaycançılıq ideyası Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Zaqatala şəhərində keçirilən “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” mövzusunda konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ümummilli Liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, xalqımız hər il iyulun 14-də nadir tarixi şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin növbəti ildönümünü qeyd edir. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Məhz bu təyinatla Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyulub. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəlib.

Bildirilib ki, Ümummilli Liderin hakimiyyətdə olduğu illər respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da böyük quruculuq işləri görülüb, rayon iqtisadiyyatı sürətlə inkişaf edib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb, onlarla sosial təyinatlı obyekt, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yeni yollar, körpülər salınıb.

Konfransda çıxış edənlər dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan bəhs edib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.