REGİONLAR
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı ilə müstəqilliyimiz təmin olundu
Naxçıvan, 13 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitlik yarandı, müstəqilliyimizin əbədiliyi təmin edildi.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə danışılıb.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Milli Qurtuluş Gününün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, aparıcı dövlətlər tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. O da vurğulanıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirir.
“Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” mövzusunda çıxış edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin əbədiliyinə nail olunub. Məhz Ulu Öndərin müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısı alınıb.
Tədbir incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib.