ELM VƏ TƏHSİL
Ulu Öndərin hakimiyyəti dövründə kitabxanaların hüquqi bazası möhkəmləndirilib
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin kitabxananın foyesindəki büstünün önünə gül dəstələri düzüb, dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan məhz bu fenomen şəxsiyyətin rəhbərliyi altında uzun bir tərəqqi yolu keçərək ən qabaqcıl respublikalardan birinə çevrilib. Baş direktor Ulu Öndərin kitabxana sahəsinə göstərdiyi xüsusi diqqətdən də söhbət açıb. Vurğulayıb ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə kitabxanaların hüquqi bazası möhkəmləndirilib. Hazırda bu fəaliyyət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, MEK-də mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı müxtəlif mövzularda lektoriyaların keçirildiyini deyib, XXI əsrdə də ölkəmizin inkişafının kökündə Heydər Əliyev ideyalarının, Ulu Öndərin zəngin irsinin dayandığını qeyd edib.
Sonra MEK-in baş kitabxanaçısı Allahverən Allahverdiyev Naxçıvanda kitabxanada çalışarkən Ulu Öndərlə görüşündən, xoş xatirələrindən danışıb.
Tədbirdə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.