REGİONLAR
Ulu Öndərin həyat və fəaliyyəti doğma xalqına və torpağına məhəbbət, sədaqət meyarına çevrilib
Salyan, 14 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətində keçirilən mərasim Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük siyasi xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağına məhəbbət, sədaqət meyarına çevrilib. Vurğulanıb ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, böyük siyasi qayıdış idi. Onun xilaskar missiya ilə gəlişi dövlətçilik tariximizə daha bir şanlı səhifə yazdı və 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq, gələcəyə inamla irəliləyən bir dövlətə çevrildi. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir, güclənir, qazandığı uğurlarla regionda söz sahibinə çevrilib.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, dövlətimizin başçısına ümumxalq məhəbbəti sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır.