Ulu Öndərin illərlə yaşatdığı əqidə və amal sınaqlardan keçərək dəyərə çevrilib
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
Paytaxtdakı 297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin direktoru Cavid Abaszadə Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib, Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, onun zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb. Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən idarə müdiri Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışına Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə başlayıb. O, Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini deyib, Dahi Lideri sözü ilə əməli vəhdətdə olan insan kimi dəyərləndirib. Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edən Q.Paşayeva Ulu Öndərin nəsillərə nümunə olan ideyalarının həyatımız boyu yolumuza işıq salacağına əminliyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməsinin vacibliyinə toxunub.
Tədbirdə çıxış edənlər keçmişimizi dərindən öyrənmək və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmaq üçün təhsil müəssisələrində təşkil edilən bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirən çıxışçılar Dahi Liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs ediblər.
Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.









Xəbərin mətnində orfoqrafik səhv var