SİYASƏT


Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir

Bakı, 7 may, AZƏRTAC

Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayır və gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşəl yandırır. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə bağlı olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, Ümummilli Liderin builki doğum günü onun ən böyük arzusunun həyata keçməsi ilə əlamətdardır. Prezident İlham Əliyev “ata vəsiyyəti”ni yerinə yetirib, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın memarı kimi adlarını tarixə qızıl hərflərlə yazıblar.

T.Cəfərova diqqətə çatdırıb ki, Ulu Öndər bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı və Onun bu sahələrin inkişafında xidmətləri misilsizdir. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ümummilli Liderimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Deputat vurğulayıb ki, “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər həyata keçirib. Heydər Əliyevin rəhbərliyi dövründəki illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olub. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradıb. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yenilənmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri istifadəyə verilmişdir.

Deputat qeyd edib ki, həmin illərdə Azərbaycanın qazandığı mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması idi. Dahi rəhbər azərbaycanlıların postsovet məkanında ən nüfuzlu təhsil müəssisələrində təhsil almasını təmin edib. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb. Xoşbəxtəm ki, Azərbaycandan kənar təhsil proqramının məzunlarından biri də mən olmuşam.

Tamam Cəfərova vurğulayıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində əsaslı baza rolunu oynayır. Bu gün Azərbaycanın kosmos ölkəsi olması dövlətimizin apardığı siyasətin bilik iqtisadiyyatına əsaslanan, gələcəyə hesablanmış uğurlu strateji siyasət olduğuna bariz nümunədir. Belə praqmatik, uğurlu siyasətin müəllifi isə Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.