REGİONLAR


Ulu Öndərin müəyyənləşdirdiyi strategiya əsasında sosial-iqtisadi sahədə qazanılan uğurlar məcburi köçkünlərin həyatında da özünü göstərir

Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə rayon icra hakimiyyəti binasının foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Sonra akt zalında davam edən tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Dahi liderin həyat və fəaliyyətindən bəhs olunan sənədli film nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Ümummilli Liderin müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycanın dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmiz bu təlatümlərdən xilas oldu. Malik İsaqov, həmçinin Ulu Öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, Azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsindən də danışıb.

Bildirilib ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycanın işıqlı gələcəyinə hesablanıb.

Ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurları sadalayan icra hakimiyyətinin başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdığını, bu inkişafın məcburi köçkünlərin həyatında da özünü göstərdiyini vurğulayıb.

Konfransda İşıqlı kənd tam orta məktəbin tarix müəllimi Mehriban İsgəndərovanın “Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı”, Zilanlı kənd tam orta məktəbin ingilis dili müəllimi Sənəm Quliyevanı “Heydər Əliyev - təhsil strategiyası”, Qubadlı şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Elvira Süleymanovanın “Heydər Əliyev - gənclər siyasəti” mövzusunda məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.