SİYASƏT
Ulu Öndərin nurlu xatirəsi Təbrizdə də anılmışdır
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilmişdir.
Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, qəbulda İranın Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Təbrizdə yaşayan soydaşlarımız, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışmış, Ulu Öndərin Ermənistanın respublikamıza qarşı işğalçılıq siyasətinin acı nəticələri barədə həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması ilə bağlı gərgin siyasi fəaliyyəti barədə məlumat vermiş və Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Baş konsul ümummilli lider Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinə də böyük önəm verdiyini xatırlatmışdır. Bildirilmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir. Baş konsul Ulu Öndərin anadan olmasının 91-ci ildönümünün Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də qeyd olunmasının Azərbaycan-İran əlaqələrinin inkişafının bir göstəricisi olduğunu vurğulamışdır.
Rəsmi hissədən sonra iştirakçılar Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə aid fotosərgiyə, film və videoçarxlara baxmışlar. Ümummilli Liderimizin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş bir sıra kitab və jurnallar tədbir iştirakçılarına paylanmışdır.
Mərasimdə Azərbaycanın xalq mahnıları səsləndirilmişdir.