REGİONLAR
Ulu Öndərin ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir
Qax, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar dekabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən “Əbədiyaşar lider, ölməz şəxsiyyət” adlı anım tədbirində səsləndirilib.
Fəal qadınların iştirak etdiyi tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb.
Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədovanın “Azərbaycan tarixinin yetişdirdiyi nadir sima” mövzusunda məruzəsi dinlənilib.
Çıxış edənlər bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Anım tədbirinin sonunda Ulu Öndərə həsr olunan film nümayiş etdirilib.