REGİONLAR
Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində köklü islahatlar aparılıb
Cəlilabad, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 11-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, Cəlilabad Rayon İncəsənət Məktəbinin rəssamlıq bölməsinin şagirdləri Fidan Həsənovanın və Gülər Süleymanovanın fərdi rəsm sərgilərinə baxıblar.
“Dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini Konstitusiya Günü münasibətilə təbrik edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində əvəzolunmaz xidmətlərindən danışan Ə.Əzizov bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində köklü islahatlar aparılıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı olub.
İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyev tərəfindən Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da bəhs edib.