CƏMİYYƏT
“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən tədbirlər həftəsinə start verilib VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsinə start verilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təntənəli mərasimdən əvvəl H.Aslanovun Mərkəzdə ucaldılan abidəsi ziyarət olunub, önünə əklil qoyulub və güllər düzülüb.
Tədbirdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1994-cü il mayın 9-da bu abidənin açılışını şəxsən etmiş, veteranların və gələcəyin zabitləri olacaq kursantlar qarşısında geniş nitq söyləyərək demişdir: "Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatda çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr edə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm... Hər bir kursant Vətənimizi Həzi Aslanov kimi sevməli, hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlidir. Həzi Aslanov həm vətənpərvərliyinə, həm öz zəkasına, biliyinə görə, həm də hərbi peşəyə böyük hörmət və məhəbbətinə görə zabitlik peşəsini seçmiş, general səviyyəsinə yüksəlmiş və Qafqaz dağlarından Pribaltikaya qədər döyüşə-döyüşə getmiş, həlak olmuşdur. Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir".
Sonra tədbir iştirakçıları görkəmli sərkərdə Həzi Aslanova həsr edilmiş fotosərgi ilə tanış olublar.
Təlim və Tədris Mərkəzinin klubunda davam etdirilən mərasimi açan layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın qəhrəman oğlunun hər bir gənc üçün bu gün də örnək olan mənalı həyatı və döyüş yolu, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qəhrəmanın adının əbədiləşdirilməsi sahəsində tarixi xidmətləri barədə ətraflı məlumat verib.
Daha sonra Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov start götürən həftənin proqramını açıqlayıb. O qeyd edib ki, Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında digər qoşun növləri ilə yanaşı, H.Aslanovun davamçıları olan Azərbaycan tankçılarının da müstəsna xidmətləri olub. Məhz Vətən müharibəsindən 9 ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Həzi Aslanovun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı müharibə ərəfəsində Vətən müdafiəçilərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə zəmin yaradıb.
Qeyd edilib ki, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən, yüksək döyüş orden və medalları ilə təltif olunan döyüşçülərimizin sıralarında əfsanəvi qəhrəman H.Aslanovun davamçıları olan tankçılar da yetərincədir.
Bildirilib ki, belə tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik hissinin daha da yüksəldilməsinə xidmət edir.
Çıxışlardan sonra E.Xəlilov "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsini açıq elan edib.
Sonra Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin ifasında A.Qurbaninin "Həzi Aslanov xatirələr işığında" adlı pyesi əsasında hazırlanan tamaşadan parçalar nümayiş etdirilib.
Tamaşadan sonra Bakı Bələdiyyə Teatrının kollektivi Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi mədəni xidmətlərə görə Müdafiə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
Eyni zamanda, səhnə əsərində H.Aslanovun şəxsi həkimi olmuş və onun haqqında, müəmmalı ölümü barədə ilk olaraq məlumat vermiş gürcü Baqiaşvilinin obrazını canlandıran Əməkdar artist Tofiq Bayramova Müdafiə Nazirliyinin Fəxri fərmanı təqdim edilib.
Təbirin sonunda igid sərkərdənin nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov Ulu Öndər Heydər Əliyevin qəhrəmanın daim ailəsinə diqqət və qayğı göstərdiyini bildirib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ali diqqətə görə Aslanovlar ailəsi adından minnətdarlıq edib.