HEYDƏR ƏLİYEV - 100


Ulu Öndərin xatirəsi Gürcüstanın Poti şəhərində də ehtiramla yad edilib

Tbilisi, 8 may, AZƏRTAC

Mayın 8-də Gürcüstanın Poti şəhərinin Xobi bələdiyyəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xobi şəhər Mədəniyyət Mərkəzinin binasında Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxıblar.

Kulevi terminalının direktor müavini Anar Qəniyev tədbiri açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il Azərbaycanda "Heydər Əliyev İli" elan olunub. Dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da Ulu Öndərin xatirəsi ehtiramla yad edilir, konfrans və digər tədbirlər təşkil olunur. Kulevi terminalının rəhbərliyi də Batumidəki baş konsulluq ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə konfrans və ağacəkmə aksiyası təşkil edib.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirovun moderatorluğu ilə davam edib.

Baş konsul Pərviz İsmayılzadə çıxışında Ümummilli Liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, fenomenal şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev bütün dövrlərdə Gürcüstan ilə münasibətlərə xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü və gərgin əməyi nəticəsində regionda reallaşan enerji və nəqliyyat layihələri Azərbaycan və gürcü xalqlarının rifah halının yaxşılaşmasına, bölgənin sosial-iqtisadi inkişafına xidmət edir. Ulu Öndərin müəllifi olduğu bu layihələr hər iki dövlətin müstəqilliyinin möhkəmlənməsinə xidmət edir.

Xobi şəhərinin meri Dato Bukiya Heydər Əliyevin gürcü xalqı qarşısında xidmətlərindən danışıb. Bildirilib ki, gürcü xalqı Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla anır və onu heç vaxt unutmayacaq.

Xobi sakrebulunun sədri Levan Kavtaradze Ümummilli Liderin xilaskarlıq fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev həyatının bütün dövrlərində Gürcüstanın yanında olub. Onun sabiq Prezident Eduard Şevardnadze ilə sıx münasibətləri ölkələrimiz arasında mövcud olan dostluğu və qardaşlığı daha da möhkəmləndirib.

Sonra Xobi Mədəniyyət Mərkəzinin rəhbəri Marika Makautadze Heydər Əliyevin mədəniyyət xadimlərinə diqqət və qayğısından danışıb.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev də Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sonda "Tarixin izi ilə" sənədli filmi nümayiş etdirilib. Eyni zamanda, jurnalist Şahismayıl Şəmmədoğlunun "Heydər Əliyev və Gürcüstan 100" adlı kitabı tədbir iştirakçılarına təqdim olunub.

Daha sonra tədbir Kulevi terminalında davam edib. Kulevi terminalının direktorunun müavini Anar Qəniyev terminal işçilərinə Ulu Öndərin neft strategiyası barədə məlumat verib.

Tədbirdən sonra terminalın ərazisində ağacəkmə aksiyası keçirilib. Gün ərzində keçirilən aksiya çərçivəsində 100-dən çox ağac əkilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.