MƏDƏNİYYƏT
Ulu Öndərin xatirəsi Yasamal rayonunda da yad edilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Yasamal rayonu Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə Respublika Gənclər Kitabxanasının üzvləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Yasamal rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış Ümummilli Liderin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova Yasamal rayonu ərazisində dahi rəhbərin anadan olmasının 96-cı ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərdən söz açıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şöbə müdiri, professor Mahirə Quliyevanın “Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, ana dilimizin inkişafına böyük hörmət və ehtiramı” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın Azərbaycan Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Ümummilli Liderin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən və neft sənayesinin inkişafında xidmətlərindən bəhs edib.
AMEA-nın şöbə müdiri, professor Füzuli Qurbanov, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayev, AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev çıxış edərək Ulu Öndərin siyasi fəaliyyətindən, ölkəmizin tərəqqisində göstərdiyi xidmətlərindən söz açıblar. Tədbir Ulu Öndərə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə davam edib.
Sonda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif edilib.