CƏMİYYƏT
Ulu Öndərin xatirəsinə ehtiram bildirmək hər bir azərbaycanlının borcudur
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin zəngin irsi biz gənclərə örnəkdir və bu irsi dərindən öyrənməliyik. Eyni zamanda, Ulu Öndərin məzarını ziyarət etmək, xatirəsinə ehtiram bildirmək hər bir azərbaycanlının borcudur.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderimizin xatirəsinə ehtiramını bildirmək üçün Fəxri xiyabana gələn gənc iş adamı Babək Babayev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev daim gənclərə diqqət və qayğı göstərib. Biz bu diqqət və qayğını həmişə hiss edirik. Bu isə bizi daha böyük uğurlar qazanmağa sövq edir.
B.Babayev qeyd edib ki, idman həmişə Heydər Əliyevin xüsusi himayəsində olub, indi isə həmin kursu Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın ən aparıcı idman ölkələrindən birinə çevrilib. Ölkədə beynəlxalq səviyyəli müxtəlif idman yarışları təşkil olunur. Min illər ötsə də, Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaqdır.