MƏDƏNİYYƏT
Ulu Öndərin xatirəsinə həsr olunmuş “Örnək miras” adlı onlayn tədbir keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan İstiqlal Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Örnək miras” adlı onlayn tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən, onun dövlətçiliyimiz tarixindəki müstəsna xidmətlərindən söz açılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Heydər Əliyevşünaslıq mərkəzinin rəhbəri, tarix elmlər doktoru Ədalət Qasımov Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, o, hələ sağlığında ikən əfsanələşən, müasir Azərbaycanın qurucusuna çevrilən, uzaqgörən siyasətçi idi.
Daha sonra Xırdalan şəhər 11 illik xanəndəlik məktəbinin şagirdi Bədirli Aysun, “Avaz” televiziya müsabiqəsinin Qran-pri mükafatının sahibi Fərid Məmmədli, “AYTAM” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin üzvləri bədii kompozisiya ilə çıxış ediblər.