REGİONLAR
Ulu Öndərin xatirəsinə sonsuz məhəbbət
İmişli, 10 may, Mahir Babayev, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bölgələrdə böyük izdihamla qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə Ulu Öndərin xatirəsinə sonsuz məhəbbət nümayiş etdirilib.
Rayon rəhbərliyi, İmişli ictimaiyyəti Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, görkəmli dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər. Sonra mərasim iştirakçıları Heydər Əliyev parkında ağac və gül kolları əkib, yaşıllıqlara qulluq göstəriblər.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri ilə bir sırada dayandığını, iqtisadi və siyasi qüdrətinin günbəgün artdığını vurğulayıblar.
X X X
Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən mərasimdə Ulu Öndərin mənalı ömür yolundan ətraflı söhbət açılıb.
Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər Ulu Öndərin dövlətçiliyimiz tarixindəki misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan dahi rəhbər qısa müddətdə ölkəni düşdüyü ağır böhrandan xilas etdi, respublikada siyasi sabitlik və vətəndaş həmrəyliyi yarandı. Məhz bundan sonra iqtisadi və siyasi islahatlara, ordu quruculuğuna başlandı.
Ulu Öndərin Biləsuvara daim qayğı ilə yanaşdığını diqqətə çatdıran natiqlər bu gün həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Tədbirdə ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub, incəsənət xadimləri və rayon mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış ediblər.
X X X
Neftçalalılar da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü izdihamla qeyd ediblər.
Rayon rəhbərliyi, yüzlərlə sadə neftçalalı Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev Mərkəzində kitab festivalı keçirilib. Ümummilli Liderin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitablar maraqla qarşılanıb. Uşaqların rəsm əsərləri, texniki yaradıcılıq mərkəzi şagirdlərinin əl işləri, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələrinin gül-çiçəkdən hazırladıqları dövlət atributları tədbirə əlavə rəng qatıb.
Tədbir incəsənət ustalarının çıxışları ilə başa çatıb.
X X X
Salyan rayonunun qəsəbə və kəndlərində, idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib.
Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri və yüzlərlə salyanlı mayın 10-da səhər saatlarında şəhərdəki parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Sonra mərasim iştirakçıları rayondakı Olimpiya İdman Kompleksində Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə rayon birinciliyinin final mərhələsinə tamaşa ediblər. Oyundan sonra qalib komanda – FHN-in Muğan Regional Mərkəzinin üzvləri və digər idmançılar mükafatlandırılıblar.