ELM VƏ TƏHSİL


Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, 1993-cü ilin iyun ayında ölkəmizdə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, dövlət parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşılaşmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və iradəsi nəticəsində bu təhlükələrin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını cəsarətlə və uğurla yerinə yetirərək ölkəmizdə ictimai-siyasi böhranı, vətəndaş müharibəsi təhlükəsini, separatçılıq cəhdlərini qətiyyətlə aradan qaldırdı, müstəqilliyimizi, dövlət və dövlətçiliyimizi qorudu. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqımızın inadlı və təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir. Qürur hissi ilə deyə bilərik ki, ADPU-nun müəllimləri Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlməsində fəal iştirak ediblər. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Qədirbilən xalqımız dahi şəxsiyyət, müdrik lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirir və hər il iyunun 15-ni Milli Qurtuluş Günü kimi yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi Taleh Cəfərov qeyd edib ki, Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyət kəsb edən bir gündür. Çünki Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi, böyük idarəetmə və dövlətçilik təcrübəsi sayəsində separatçılıq meyillərinin, dağıdıcı ictimai-siyasi proseslərin, dövlət çevrilişlərinə cəhdlərin qarşısını qətiyyətlə aldı. Xalq dövlət müstəqilliyimizin təminatçısı olan Heydər Əliyevi dəstəklədi, siyasi yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, rektorun müşaviri, 91 vətənpərvər ziyalıdan biri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, Tələbə Gənclər Təşkilatının sədr müavini Taleh Mirzəyev çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb, o cümlədən elmin, təhsilin, mədəniyyətin, gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı barədə fikirlərini bölüşüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.