ELM VƏ TƏHSİL


Ulu Öndərin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir

Bakı, 11 may, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Ulu Öndərin zəngin həyat yoluna nəzər salıb, dahi liderin Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb. Şura sədri böyük şəxsiyyət Heydər Əliyev tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımlar atıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir.

Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan Elmir Babayev bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Şəfa Əliyeva “Azərbaycan ədəbiyyatında Heydər Əliyev fenomeni” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin hələ SSRİ zamanında Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ədəbiyyata, şair və yazıçılarımıza göstərdiyi xüsusi qayğıdan danışıb. Bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın ədəbiyyat nümayəndələrinin çoxsaylı kitabları nəşr olunub, yubileyləri keçirilib. Bakıda və digər rayon və şəhərlərimizdə görkəmli qələm sahiblərinin heykəlləri, barelyefləri hazırlanıb. 1993-cü ildən müstəqil Azərbaycan Respublikasına rəhbərliyi zamanı Ümummilli Lider bu tendensiyanı davam etdirib, tez-tez şair və yazıçılarımızla görüşüb, onların qayğıları ilə yaxından tanış olub.

Şəfa Əliyeva ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan ədəbiyyatının inkişafından və bu inkişafın Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməsindən danışıb.

Tədbirdə gənc alimlərin “Heydər Əliyevin mədəniyyət siyasəti: milli teatrın inkişafı”, “Gəncliyin inkişafında Ulu Öndər dühası”, “Müstəqillik dövründə Azərbaycanın Şərq siyasəti (Ərəb ölkələri nümunəsində)”, “Heydər Əliyev və Qafqazda sülh quruculuğu strategiyası” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.