Ulu Öndərlə bağlı xatirələr söylənilib, kursantlar and içiblər
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Bütün mənalı həyatını öz xalqına həsr edən, müstəqil Azərbaycan dövlətinin quruculuğu kimi milli dövlətçiliyimizin ideya əsasını yaradan, mütəşəkkil nizami Azərbaycan Ordusunun təşkilini xalqımız qarşısında ən böyük xidmətlərindən biri kimi qiymətləndirən ulu öndər Heydər Əliyevin doğum günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Xatirələrdə, ürəklərdə yaşayan dahi” adlı dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev muzey-lektoriyasının ekspozisiyası ilə yaxından tanış olub, nümayiş etdirilən foto və sənədlər haqqında ətraflı məlumatlandırılıblar.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən general-mayor Bəkir Orucov qonaqları və kursantları salamlayıb, onlara dəyirmi masanın işində uğurlar arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
General-mayor B.Orucov ölkəmizin dövlətçilik tarixində, müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafında, respublikamızın milli təhlükəsizliyinin qarantı olan ordu quruculuğunda Ulu Öndərin müstəsna xidmətləri barədə ətraflı söhbət açıb.
Qeyd olunub ki, dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bir neçə gün öncə Şuşada Zəfər qurultayını keçirən dünya azərbaycanlılarının şüarına çevrilib. Heydər Əliyev müasir ordumuzun memarıdır və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə ilk uğurumuz da onun adı ilə bağlıdır. 1993-cü ilin sonlarında məhz Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Horadiz əməliyyatı” kimi düşən hərbi əməliyyatlar zamanı Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsi, o cümlədən sonralar şəhər statusu verilən Horadiz qəsəbəsi azad edilib.
2016-cı ildə aprel qalibiyyəti, 2018-ci ildə Naxçıvan ərazisində Günnüt Zəfəri və 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin də əsasında Heydər Əliyev ideyaları durur. Bizi qələbədən-qələbəyə aparan Ulu Öndərimizin ideyaları, onun azərbaycançılıq məfkurəsi, bir də Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, hücum diplomatiyası və dəmir yumruğunun gücüdür.
Heydər Əliyev əmin idi ki, Azərbaycan Ordusunun gözəl gələcəyi var. Bu ordu daha da möhkəmlənəcək, güclənəcək, müstəqil Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qoruyacaq, respublikamızın hərbi qüdrətini yüksəklərə qaldıracaqdır.
Böyük iftixar hissi ilə nəzərə çatdırılıb ki, artıq ikinci ildir Ulu Öndərimizin doğum günü Vətən müharibəsində qazandığımız böyük Zəfərin yaratdığı yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Xoşbəxtik ki, bu tarixi hadisələrin şahidi və iştirakçılarıyıq. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, rəşadətli ordumuzun qalib əsgər və zabitləri var, deməli, Heydər Əliyev əbədi yaşayacaqdır.
Heydər Əliyevin mənalı ömür yolunun müxtəlif anlarını əks etdirən videoçarx tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Dəyirmi masanın moderatoru polkovnik Abdulla Qurbani Ulu Öndərlə bağlı xatirələrini danışıb. Naxçıvan Muxtar Respublikasında, eləcə də Bakıda dəfələrlə xalqımızın dahi oğlu Heydər Əliyevlə görüşdüyünü, onun qarşısında çıxış etdiyini, ən yaxşı kitablarını, poema və şeirlərini ona həsr etdiyini, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə Ulu Öndərimizin Fərmanı ilə “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görüldüyünü və aparıcısı olduğu hərbi paradlarda unudulmaz liderimizin adını çəkərkən, onun arzularının həyata keçdiyini qeyd edərkən böyük fəxarət hissi keçirdiyini bildirib.
Məşhur “91-lər”dən olan Əməkdar jurnalist, siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin 1992-ci ilin oktyabrında müstəqilliyini yenicə bərpa etmiş dövlətimizi və xalqımızı düçar olduğu bəlalardan xilas etmək üçün o vaxtlar Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin yenidən Azərbaycan hakimiyyətinə qayıdışı məqsədilə “91-lər”in ona müraciətini yada salması dəyirmi masa iştirakçılarının gözləri önündə həmin təlatümlü günlərin mənzərəsini yaratmaqla yanaşı, həm də Ulu Öndərin əzəmətli xilaskar obrazını yaradıb.
Vüqar Rəhimzadə deyib: “Həmin vaxtlar respublikada vəziyyət çox gərgin idi. Mövcud olan hakimiyyət böhranı daha da güclənirdi. İctimai-siyasi vəziyyətə tam nəzarət olunmur, cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv, mülahizələrə əsasən idarə olunur, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır, hüquqi dövlətin yaranması yolunda real addımlar atılmırdı, Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, qazanc mənbəyinə çevrilirdi. Respublikada ictimai-siyasi həmrəylik yaratmaq işində əməli fəaliyyət göstərilmirdi. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü. Müstəqil dövlətin dayaqlarını möhkəmləndirmək üçün heç bir addım atılmırdı. İqtisadiyyat tamamilə çökmüş, dövlət büdcəsi boşalmış, ağır sosial durum, daxildəki silahlı birləşmələr, separatçı meyillərin baş qaldırması, digər tərəfdən erməni işğalının genişlənməsi, böyük qaçqın köçü xalqın səbir kasasını doldurmuşdu. Biz “91-lər” o vaxtlar ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görürdük və heç də yanılmamışdıq. Ulu Öndərimiz sonralar bizim müraciətimizə qoşulan yüzlərin, minlərin xahişini qəbul elədi və bununla da Azərbaycanımızın həyatında yeni bir tarixi mərhələnin əsası qoyuldu. Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı ilə dövlətimiz çevriliş cəhdlərindən, xalqımız vətəndaş müharibəsi təhlükəsindən, ordumuz isə təsadüfi, səriştəsiz, qeyri-peşəkar “millət qəhrəmanlarından” xilas oldu. Bununla da 1993-cü ilin 15 iyun günü tarixə “Milli Qurtuluş Günü” kimi yazıldı.
Qarabağ müharibəsinin iştirakçısı polkovnik Elşad Əbilov Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuduğu illərdə Ulu Öndərlə görüşdüklərini, dahi rəhbərdən xeyir-dua alaraq ölkənin ali hərbi məktəblərinə yollandıqlarını və həmişə Ulu Öndərin qayğısını hiss etdiklərini deyib.
Hərbi qulluqçulardan Qabil Talıbov 1993-cü ildə Heydər Əliyevin Gəncə hadisələri ilə bağlı Nizami yurduna gedərkən Şamaxı yolunda avtomobili saxlatdırıb gənc kursantlarla görüşdüyünü, onlara təmkinli olmağı, qardaş qırğınına yol verməməyi, hər bir hadisəyə ağılla yanaşmağı məsləhət gördüyü anları xatırlayıb.
15 il Naxçıvan Qarnizonunda zabit kimi xidmət edən Elvin Əzizov Heydər Əliyevlə bir neçə görüşün iştirakçısı olduğundan dahi rəhbəri yaxından gördüyündən və onun alovlu nitqini üzbəüz dinlədiyindən fəxrlə danışıb.
Əməkdar jurnalist, vətənpərvərlik mövzusunda onlarla kitabın müəllifi, ehtiyatda olan mayor Rəşid Faxralı Ulu Öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının daha da inkişaf etməsində, milli-mənəvi dəyərlərimizin təbliğində, görkəmli şəxsiyyətlərimizin adlarının əbədiləşdirilməsində, abidələrinin ucaldılmasında, ev muzeylərinin yaradılmasında xidmətlərini yüksək dəyərləndirib.
General-mayor Bəkir Orucov Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı fəxri qarovulun rəisi kimi üç dəfə Ulu Öndəri Naxçıvan Beynəlxalq Hava Limanında qarşıladığı anların xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Polkovnik Mehman Kərimov Ukrayna Respublikasındakı Donetski Ali Hərbi Siyasi Məktəbində təhsil aldığı vaxtlarda Vətənə tətilə gələrkən Culfa rayonunun Yaycı kəndində yerli əhali ilə görüşdə Ulu Öndərlə ilk dəfə qarşılaşdığını, Ulu Öndərin “Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hökmən Vətənə qayıt. Bu gün peşəkar zabitlərə daha çox ehtiyacımız var. Qarşıda bizi çox imtahanlar gözləyir” sözlərini heç vaxt yadından çıxarmadığını deyib.
Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra hərbi peşəni, Vətənə xidmət peşəsini seçərək hazırda “Ehtiyat zabit kursu”nda təhsil alan dinləyicilər Orxan Hüseynquliyev, Şamil Qurbanov çıxış edərək valideynlərindən, müəllimlərindən Ulu Öndər haqqında eşitdikləri maraqlı hadisələrdən bəhs ediblər.
1994-cü ildə Təlim Tədris Mərkəzinin sıra meydanında görkəmli hərbi xadim general-mayor Həzi Aslanovun abidəsinin açılışında kursantlar qarşısında çıxış edən ulu öndər Heydər Əliyevin dediyi, bu gün də, gələcəkdə də aktual olan fikirlər gələcək zabitlərin bir daha diqqətinə çatdırılıb: “Hərbi peşə, zabitlik peşəsi, Vətənin müdafiə işi müqəddəsdir. İnsan həyatda çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr edə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm. Güman edirəm ki, siz elə də olacaqsınız. Qarşınızda böyük bir yol durur. Bu yolda ilk addımlar atırsınız. Arzu edərdim ki, yaxşı təhsil, təlim alasınız, yaxşı hazırlaşasınız, Azərbaycan Ordusunun möhkəmlənməsində, inkişaf etməsində böyük xidmətlər göstərəsiniz”.
Gələcək zabitlər Ulu Öndərin arzu etdiyi kimi Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər.
“Sən elə bir zirvəsən, küləklər neyləyəcək. Dünənim, bu günümsən, səninlədir gələcək” və “Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” misralarının yer aldığı məşhur mahnının səsləndirilməsi ilə dəyirmi masa başa çatıb.






Xəbərin mətnində orfoqrafik səhv var