SİYASƏT
Ulu öndər Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarıdır
Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisidə, Gürcüstanın Milli Parlament Kitabxanasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. Dövrünün ən zəkalı siyasətçilərindən biri olan Ulu Öndərin dünya azərbaycanlıları, türk dünyası və Qafqazın lideri olaraq qəlblərdə dərin iz qoyduğunu qeyd edib. Bildirib ki, müasir və müstəqil Azərbaycanın dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada layiqli yerini tutmasında Ümummilli Liderin misilsiz xidmətləri olub. Diplomat deyib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və dövlətin mənafeyini hər zaman üstün tutub. Məhz bu tarixi şəxsiyyətin səyi nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri müstəqillik illərində yeni inkişaf yoluna qədəm qoyub, Ulu Öndərin uğurlu daxili və xarici siyasəti, neft strategiyası Azərbaycanda tərəqqiyə nail olmasında mühüm rol oynayıb.
“Gürcü xalqının da yaxın dostu olan Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarı olub, iki ölkə arasındakı münasibətlərə hər zaman xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində qardaşlıq yardımını əsirgəməyib”, – deyə diplomat vurğulayıb.
Heydər Əliyevin şəxsi təşəbbüsü və Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı neft-qaz, nəqliyyat layihələri gürcü xalqı və Gürcüstanda yaşayan soydaşlarımızın rifahının yüksəlməsinə xidmət edir.
Sonra Heydər Əliyevə həsr olunan “Dostluq əhdi” filmi nümayiş etdirilib.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında Heydər Əliyev və Süleyman Dəmirəl arasında olan möhkəm qardaşlıq münasibətləri və hər iki görkəmli dövlət xadiminin Azərbaycan və Türkiyə arasındakı əlaqələrin inkişafındakı rolundan danışıb.
Gürcüstan Patriarxlığının nümayəndəsi Giorgi Zviadadze, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirliyinin departament müdiri Kaxa Xandolaşvili, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Kaxa Qoberidze, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, parlamentin deputatı Giorgi Mosidze, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev, Gürcüstan İnformasiya Agentliyinin direktoru Arno Xidirbeqişvili və başqaları çıxış edərək Azərbaycanın Ümummilli Lideri ilə bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı münasibətlərin inkişafındakı xidmətlərindən, Gürcüstan azərbaycanlılarına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Çıxışlarda Gürcüstan dövlətinin və gürcü xalqının bu dahi şəxsiyyətə böyük qiymət verdiyi xüsusi qeyd edilib.
Mərasimdə Belarusun Gürcüstandakı səfiri Mixail Myatlikov, İranın Gürcüstandakı səfiri Seyid Cavad Şahidi, Qətər səfiri Mübarək bin Nair əl Xəlifə, Gürcüstan parlamentinin deputatları, Gürcüstanın Xarici İşlər və Təhsil, Barış və Vətəndaş Bərabərliyi nazirliklərinin nümayəndələri, Kvemo Kartli qubernatorunun müavini, din xadimləri, digər rəsmi şəxslər və ziyalılar iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi