CƏMİYYƏT


Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə görkəmli dövlət xadimi, dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlayan dahi rəhbər kimi daxil olub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn formatda tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Ümummilli Liderin Azərbaycan tarixinin XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərində ən görkəmli siması olduğunu qeyd edərək deyib: “Heydər Əliyev Azərbaycan tarixinə görkəmli siyasi və dövlət xadimi, dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlayan dahi rəhbər kimi daxil olub”.

Ulu Öndərin şərəfli ömür yolundan bəhs edən rektor Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması istiqamətində göstərdiyi gərgin fəaliyyətindən söhbət açıb. Natiq Ermənistanın hərbi təcavüzü və Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Liderin müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox soydaşımızın qaçqın düşməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox böyük və genişmiqyaslı işlər görüb. O, bu problemin sülh yolu ilə həlli baş tutmazsa, Qarabağın müharibə ilə işğaldan azad olunacağını bəyan etmişdi. Heydər Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın, xüsusilə Azərbaycanın incisi sayılan Şuşanın azad olunmasını görmək idi. Onun bu arzusunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində reallaşdırdı. İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, ancaq Heydər Əliyevin dahi siyasi xadim kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaqdır.

Anım tədbirində çıxış edən ATU-nun İctimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov Ulu Öndərin nəsillərə örnək olan həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi fəaliyyətdən söhbət açıb. Onun Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə və digər sahələrə yüksək qiymət verdiyini vurğulayan professor deyib: “Ulu Öndər çiyinlərinə bir xilaskarlıq missiyası götürdü. Azərbaycanın müstəqillik qazanması nə qədər çətin idisə, onu qoruyub saxlamaq ondan da çətin idi. Müstəqillik qazandığımız 1991-ci il oktyabrın 18-dən Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ilin iyununadək Azərbaycanda bir qarışıqlıq və xaos hökm sürürdü. Xalq çıxılmaz vəziyyətdə qalmışdı. Bir tərəfdən ermənilərin Azərbaycana təcavüzü, digər tərəfdən isə ölkəmizin parçalanması təhlükəsi, şimalda və cənubda separatçı hərəkatlar - bütün bunlar müstəqilliyə vurulan ən böyük zərbələr idi. Hətta Azərbaycanın dünya xəritəsindən silinmə təhlükəsi yaranmışdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi öz üzərinə götürdü, Azərbaycanı parçalanma təhlükəsindən qurtardı”.

Professor F.Məmmədov Heydər Əliyevin hakimiyyəti dövründə dövlət çevrilişi cəhdlərinin qarşısının uğurla alınmasından, ölkədə aparılan quruculuq işlərindən və digər məqamlardan da bəhs edib.

Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan söhbət açıb, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətlərdən danışıb. O deyib: “Ümummilli Liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirib, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət edib. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlib”.

İctimai səhiyyə fakültəsinin tələbəsi Taleh Qasımov çıxışında Ulu Öndərin bütün sahələrə, o cümlədərn təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Onun müxtəlif görüşlərdə, tədbirlərdə etdiyi çıxışları həvəslə izlədiyini və yaddaşına həkk etdiyini söyləyib. T.Qasımov Ümummilli Liderin Azərbaycan gənclərinin əsl vətəndaş kimi yetişməsi üçün lazımi şərait yaratdığını deyib, dahi şəxsiyyətin bir neçə müdrik kəlamını səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.