SİYASƏT
Ulu öndər Heydər Əliyev Azərbaycanda milli birlik, sosial ədalət, ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil və siyasi cəhətdən sabit inkişaf modelinin qurucusudur
Belqrad, 10 may (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları və Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun üzvləri, şəhər meriyası və ictimaiyyət nümayəndələri, Serbiya müftisi və müsəlman icmasının üzvləri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan hökumətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış və bərpa edilmiş “Taşmaydan parkı”na gələrək ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət etmiş, qarşısına əklil qoymuş, tər çiçəklər düzmüşlər.
Ölkəmizin Serbiyadakı səfirliyində davam etdirilən tədbirdə qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov tədbirdə çıxış edərək görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir. Vurğulamışdır ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasının qoyulması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin qurucusu olmuşdur. Ümummilli Liderin həyata keçirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra tədbir iştirakçıları dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmışlar.
Tədbirin sonunda iştirakçılara Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab və “Dünya liderləri Heydər Əliyev haqqında” kitabçası paylanılmışdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad