SİYASƏT


Ulu öndər Heydər Əliyev Azərbaycanı xilas etməklə bərabər Türk dünyasına da mühüm töhfələr verib

Bakı, 4 oktyabr, AZƏRTAC

Üç oktyabr tarixi əlamətdar günlərdən biridir. Çünki 1993-cü ilin bu tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib, həmçinin 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türk Ölkələri Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) yaradılıb.

Türk birliyinin gücü TDT-yə üzv ölkələrin gücündən asılıdır. Təşkilatın hər biri öz mədəniyyət, təhsil, elm, iqtisadiyyat, ordu, səhiyyə, diplomatiya və digər əməli fəaliyyət sahələri ilə o qədər güclü olmalıdır ki, ortaq keçmişdən ortaq gələcəyə gedən yolu inamla addımlaya bilsinlər. Bu mənada, 1993-cü ilin təlatümləri fonunda ali hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı xilas etməklə, dirçəltməklə yalnız öz respublikamıza, dünya azərbaycanlılarına deyil, Türk dünyasına, bütün tərəqqipərvər insanlığa mühüm töhfələr vermiş oldu. Bu töhfələrin dəyəri coğrafiyamız, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, gələcəyə baxışımızla bağlı az-çox məlumatı olan hər bir obyektiv insana məlumdur. “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, - deyən Ümummilli Lider Azərbaycanı sabitlik ünvanına çevirdi, ardınca, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, dünyanın dörd tərəfinə çoxsaylı səfərlər edərək həqiqətlərimizi yaydı, beynəlxalq aləmi ayıltdı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən idrak etməyə, dəyərləndirməyə başladı, dostluqlar bərpa olundu, yeni əlaqələr quruldu.

Bu fikirləri AZƏRTAC-a açqılamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

O bildirib ki, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun çox önəmli pilləsi oldu. Qədirbilən xalqımız böyük səs çoxluğu ilə öz seçimini edərək, böyük siyasi və dövlət xadimi Heydər Əliyevi prezident seçdi. Ümummilli Lider bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, sabitlik, iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı. Ulu öndər Heydər Əliyevin neft strategiyasının parlaq təcəssümü olan “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadi sistemindəki önəmli yerini müəyyənləşdirdi.

Q.Paşayeva qeyd edib ki, 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durdu. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Məsələn, ulu öndər Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar, nəhayət respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi.

“Ümummilli Liderin təşəbbüsü ilə KİV-lər üzərində senzura da aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə önəmli addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, konstitusiya məhkəməsinin, ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması ulu öndər Heydər Əliyevin böyük xidmətləri sırasındadır. Onun ölkənin başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Dövlətin, xalqın ən ağrılı, ən taleyüklü anında xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkar idarəetmə dövrünə son qoydu. Xalq öz dövlətinə inamı bərpa etdi. Müstəqilliyini yenicə əldə etmiş gənc dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər Ümummilli Liderdən öncə dövlətə səriştəsiz, qeyri-peşəkar şəxslərin rəhbərlik etməsi səbəbindən idi”, - deyə komitə sədri qeyd edib.

Q.Paşayeva bildirib ki, Ulu Öndərin siyasi iradəsi, səmimiyyəti, polad xarakteri, uzaqgörənliyi, dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri, onunla təmasda olanları valeh edir, necə deyərlər, onunla hesablaşamağa vadar edirdi. Milli ideologiyanın yaradılmasını isə Heydər Əliyevin dövlət quruculuğu siyasətinin çox mühüm tərkib hissəsi kimi qəbul etmək mümkündür. Ulu Öndərin siyasi uzaqgörənliyi, zəngin təcrübəsi ölkəmizə yeni uğurlar gətirdi. Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır.

Məhz ulu öndər Heydər Əliyev qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilərək, bu istiqamətdə də konkret örnəklər yaratdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə ali hakimiyyətə qayıtması nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, bir sıra separatçı meyillərə son qoyuldu və təcavüzkar Ermənistanla zəruri atəşkəs elan olundu. Atəşkəs nizami ordu quruculuğu, çağdaş silah təminatı, peşəkar zabit kadrlarının yetişdirilməsi, iqtisadiyyatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya geniş yayılması və digər amillər baxımından önəm daşıyırdı.

Ümummilli Liderin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladığını deyən Q.Paşayeva vurğulayıb ki, dövlət müstəqilliyimizin ilk illərində böyük siyasi və dövlət xadimini respublikanın ali rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan xalqı 20 Yanvar, Xocalı soyqırımı kimi faciələri yaşamaz, Qarabağın gözü Şuşa, keçmiş DQMV-nin coğrafi bağlantısını təmin edən Laçın, Kəlbəcər əldən getməz, sonrakı digər torpaq itkilərimiz üçün çox təhlükəli zəmin yaranmazdı. Beləliklə, ölkə ərazisinin 20 faizi işğala məruz qalmaz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ümummilli Lider deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”.

“Ümummilli Liderimizi dərin ehtiramla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlətimizin başçısı İlham Əliyevə yeni zəfərlər diləyirik”, - deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.