SİYASƏT
Ulu öndər Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib
Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanın Marneuli rayonunda ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) Marneulidəki ofisində keçirilən anım mərasimində əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GAK-ın sədri Hüseyn Yusubov çıxış edərək Ulu Öndərin fəaliyyətinə nəzər salıb, onun xalqımızın firavanlığı, müstəqil dövlətimizin möhkəmlənməsi istiqamətindəki xidmətlərindən danışıb.
Digər çıxış edənlər Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza da daim diqqət və qayğı göstərdiyini vurğulayıb, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
Çıxışlarda bu gün Azərbaycanda gedən prosesləri və islahatları diqqətlə izlədiklərini vurğulayan natiqlər bu islahatları Heydər Əliyev prinsiplərinə sadiqlik kimi dəyərləndiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi