SİYASƏT
Ulu öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Səfir Elxan Qəhrəman tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz fəaliyyətində həmişə xalqa arxalandığını, ən çətin anlarda ona müraciət etdiyini söyləyib. Vurğulayıb ki, təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş daxili və xarici siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirməsi nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib və beynəlxalq aləmdə nüfuzu artıb.
Qeyd edək ki, səfirlikdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, onun həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Həmçinin tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə baxıblar. Küveytin ədliyyə və vəqflər nazirinin müavini Adil Abdulla Əl-Fəllah tərəfindən yazılmış, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev və milli dəyərlər” kitabı, həmçinin yazıçı-publisist, deputat Hüseynbala Mirələmovun müəllifi olduğu və səfirlik tərəfindən ərəb dilinə tərcümə olunmuş “İlham Əliyev-Bioqrafiya davam edir” kitabı tədbir iştirakçılarına paylanılıb.
Bundan başqa, Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” adlı geniş məqalə nəşr edilib. Məqalədə ölkəmizin sosial-iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi Bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və İslam dünyasının dostu kimi, ərəb dünyasının problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.