REGİONLAR
Ulu öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir
Naxçıvan, 7 may, AZƏRTAC
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yaradan şəxsiyyət” adlı tədbirdə vurğulanıb.
Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev bildirib ki, qədim Naxçıvan torpağı XX əsrdə Azərbaycana ulu öndər Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş edib. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Ümummilli Liderimizin ölkəmizin müstəqilliyi, inkişafı istiqamətində əvəzolunmaz xidmətləri olub. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli ulu öndər Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü: 1990-1993-cü illər” mövzusunda çıxış edərək bildirib ki, qədim Naxçıvan yüzillərboyu Azərbaycanın dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən tərəqqi strategiyasının əsas tərkib hissəsi olan Azərbaycanda dövlət qadın siyasəti”, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər” mövzularında çıxış ediblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub.