ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev əbədiyyət qazanmış tarixi şəxsiyyətdir
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycan səmasının sönməz nuru” mövzusunda tədbir keçirilib.
ADPK-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin həyat yolunu əks etdirən rəsm sərgisi ilə tanış oldular.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
ADPK-nın direktoru Qulu Novruzov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanmış tarixi şəxsiyyətdir.
ADPU-nun rektoru Cəfər Cəfərov Ulu Öndərin ictimai fəaliyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin fəaliyyətindən nümunələr gətirərək gənclərimizə tövsiyələrini verib.
Sonda ADPK-nın tələbələri kompozisiya təqdim ediblər.