SİYASƏT
Ulu öndər Heydər Əliyev gələcək nəsillər üçün inkişaf strategiyası müəyyənləşdirib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyi bu ölkənin paytaxtı Əddis-Əbəbə şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən səfir Elman Abdullayev müasir dövlətçiliyimizin qurulmasında müstəsna xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin zəngin irsi barədə qonaqları məlumatlandırıb, Ümummilli Lider tərəfindən əsası qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Diplomat müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artırılmasında əvəzolunmaz rol oynayıb. Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayan E.Abdullayev deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq və parçalanmaq təhlükəsindən xilas edib, gələcək nəsillər üçün inkişaf strategiyasını müəyyənləşdirib”.
Anım mərasimində Azərbaycanın Efiopiyadakı səfirliyinin əməkdaşları, ölkəmizdə təhsil almış efiopiyalı məzunlar, bu ölkənin aparıcı media orqanlarının nümayəndələri, diasporumuzun üzvləri və Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.