MƏDƏNİYYƏT
Ulu öndər Heydər Əliyev görkəmli şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasını daim diqqət mərkəzində saxlamışdır
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da L.və M.Rostropoviçlərin, Səməd Vurğunun ev-muzeylərinin və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin ev-muzeylərinin yaranmasında rolu” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, L. və M. Rostropoviçlərin ev-muzeyində keçirilmiş tədbirdə N.Nərimanov, S.Vurğun, C.Məmmədquluzadə, A.Şaiq, C.Cabbarlı, M.S.Ordubadi və L. və M.Rostropoviçlərin ev-muzeylərinin əməkdaşları iştirak etmişlər.
Foyedə təşkil olunmuş ev-muzeylərinin eksponatlarından ibarət sərgi maraqla qarşılanmışdır.
L. və M. Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova ümummilli lider Heydər Əliyevin elmimizə və mədəniyyətimizə göstərdiyi qayğıdan danışmışdır.
Tədbirdə “Heydər Əliyev və dahi musiqiçinin dostluğu”, “Heydər Əliyev və Səməd Vurğun”, “Heydər Əliyev və Cəlil Məmmədquluzadənin ev-muzeyi”, “Azərbaycanın bəzi bölgələrində Heydər Əliyev mərkəzləri”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələr dinlənilmişdir.