SİYASƏT
Ulu öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi
Bakı, 10 dekabr, AZƏRTAC
Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ulu öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan Ümummilli Lider ölkəmizin hər bir vətəndaşı tərəfindən böyük məhəbbətlə sevilir və ehtiramla anılır. Dahi şəxsiyyətin xalqın inkişafı üçün başladığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 10-da Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunan anım mərasimində səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin icra hakimiyyətinin binasındakı büstü önünə gül dəstələri düzüblər.
Anım mərasimində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bəstəkar Sevinc Tofiqqızının dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi Ulu Öndərim – “Xatirələr” kompozisiyasının klipinin təqdimatı olub.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov dahi şəxsiyyət Heydər Əliyevin istər Sovet İttifaqı, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizin qazandığı bugünkü uğurların məhz Ulu Öndərin siyasətinin nəticəsi olduğunu söyləyib.
Natiq qeyd edib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müasir müstəqil Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi. “Yaşadığımız dövr tarixə Heydər Əliyev erası kimi daxil olacaq. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu şərəfli dövrü daha mükəmməl öyrənəcək və təhlil edəcək”, – deyə S.Vəliyeva vurğulayıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Rasim Musabəyov, Leyla Abdullayeva və Rüfət Quliyev Ulu Öndərin keçdiyi mənalı ömür yolundan, zəngin təcrübəsindən, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev memarı və qurucusu olduğu Azərbaycan dövlətinin inkişafına verdiyi misilsiz töhfələrə görə xalqın qəlbində ümummilli liderlik zirvəsinə yüksəlib.