REGİONLAR
Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan təhsilinin qayğısına qalıb
Füzuli, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq yüksək dəyərləndirib, onun inkişafına, cəmiyyətdə bilikli, intellektual təbəqənin formalaşmasına çalışıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Füzuli rayon təhsil şöbəsində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova və başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən, müstəqil Azərbaycanın elminə, təhsilinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Ulu Öndər həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinin qayğısına qalıb, bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Elmin, təhsilin hamisi olmuş Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsində yer tutanlara hədiyyələr təqdim edilib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videomaterial göstərilib.